Nüvə maqnit rezonans metodu
NMR üsulu 1945-cı ildə amerika fizikləri Edvard Mills Parsell (Harvard Universiteti) və Feliks Blox (Stanford Universiteti) tərəfindən kəşf edilmiş və bu kəşfə görə onlar 1952-ci
ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər. NMR spektroskopiyası
molekulyar sistem haqqında daha çox məlumat almağa imkan verən üsul olub,
atom və molekulların elektron halını, kondensə olunmuş hallarda maddənin
quruluşu və dinamikasını hesablamağa, molekullararası qarşılıqlı təsirləri müəyyən
etməyə və kimyəvi reaksiyaların mexanizmlərini başa düşməyə imkan verir. Bu
üsulun üstünlüyü nümunənin hazırlanmasının sadəliyi və tədqiqatın nəticəsinin tez
əldə olunması ilə bağlıdır.
NMR effekti, atom nüvələrinin maqnit momentləri istiqamətlərinin
dəyişməsi ilə əlaqədar olaraq, maddə tərəfindən elektromaqnit enerjisinin
rezonans udulması zamanı meydana gəlir. NMR üsulu spini “O”-dan fərqli olan
nüvələrdə özünü doğruldur. (Məsələn,1H, 2H, 13C, 14N, 15N, 19F, 29Si, 31P və s.).
1H nüvələrində NMR spektroskopiyası ən çox inkişaf edib və bu üsul proton
maqnit rezonansı (PMR) adlanır.
Nüvə maqnetizmi mürəkkəb fiziki proses olduğu üçün, onu təsvir etmək
üçün kvant mexanikasının riyazi aparatından istifadə edilir.
Biz NMR-nın fiziki əsaslarını başa düşmək üçün sadə “klassik” modeldən
istifadə edəcəyik. Əgər atomun nüvəsini fırlanan “+” yüklü şar kimi təsəvvür
etsək, görərik ki, yük halqavari orbit boyunca hərəkət edərək mikoskopik halqavari
cərəyan yaradır.